e-mmc.az

Qapalı Səhmdar Cəmiyyəti

Səhmləri yalnız onun təsisçiləri arasında və ya qabaqcadan müəyyənləşdirilmiş digər şəxslər dairəsində yayılan səhmdar cəmiyyəti qapalı səhmdar cəmiyyətidir. Bu cür cəmiyyət buraxdığı səhmlərə açıq abunə yazılışı apara bilməz və ya başqa şəkildə onları əldə edilmək üçün şəxslərin qeyri-məhdud dairəsinə təklif edə bilməz.


Qapalı səhmdar cəmiyyəti Mülki Məcəllənin 99-cu maddəsində göstərilən sənədləri hamının tanış olması üçün dərc etməyə borcludur.

Səhmdar cəmiyyəti səhmləri əldə etməkdən imtina etdikdə və ya onların qiymətinə dair razılığa gəlinmədikdə səhmlər üçüncü şəxsə özgəninkiləşdirilə bilər. Bu zaman səhmin satış qiyməti səhmdarlara və ya səhmdar cəmiyyətinə təklif edilən qiymətdən aşağı olmamalıdır. Əks halda səhmdar cəmiyyəti həmin əqdin etibarsız hesab edilməsini və səhmin həmin qiymətə cəmiyyətə satılmasını məhkəmə qaydasında tələb edə bilər.

Əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, qapalı səhmdar cəmiyyətinin səhmləri səhmdar olan fiziki şəxslərin vərəsələrinə və ya hüquqi şəxsin hüquq varislərinə keçir.

Cəmiyyət səhmlərin səhmdar olan fiziki şəxsin vərəsələrinə və ya hüquqi şəxsin hüquq varislərinə keçməsinə razılıq verməkdən imtina etdikdə Mülki Məcəllənin 101.1-ci maddəsinin qaydaları tətbiq edilir.

İştirakçıların sayı

Qapalı səhmdar cəmiyyətinin iştirakçılarının sayı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş həddi keçməməlidir, əks halda o, bir il ərzində açıq səhmdar cəmiyyətinə çevrilməli, bu müddət bitdikdən sonra isə, əgər onların sayı azaldılıb müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş həddə endirilməzsə, məhkəmə qaydasında ləğv edilməlidir.

Hüquqlar

Qapalı səhmdar cəmiyyətinin səhmdarları həmin cəmiyyətin digər səhmdarlarının satdıqları səhmləri əldə etməkdə üstünlük hüququna malikdirlər. Əgər səhmdarlardan heç biri cəmiyyətin nizamnaməsində nəzərdə tutulan müddətdə, lakin satış elan olunduğu tarixdən etibarən otuz gün ərzində özünün üstünlük hüququndan istifadə etməzsə, sonrakı otuz gün ərzində səhmdar cəmiyyəti həmin səhmləri onların mülkiyyətçisi ilə razılaşdırılmış qiymətə özü əldə edə bilər.

Səhmlərin girov qoyulması

Qapalı səhmdar cəmiyyətinin səhmləri girov qoyulduqda və sonradan onlara girov saxlayan tərəfindən tutma yönəldildikdə müvafiq olaraq Mülki Məcəllənin 101.1-ci maddəsinin qaydaları tətbiq edilir.

Səhmdar cəmiyyəti

Nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır.

Səhmdar cəmiyyətinin nizamnaməsi

Səhmdar cəmiyyətinin nizamnaməsində AR MM-nin 47.2-ci maddəsində göstərilən məlumatlardan savayı, cəmiyyətin buraxdığı səhmlərin kateqoriyaları, onların nominal dəyəri və miqdarı haqqında; cəmiyyətin nizamnamə kapitalının miqdarı haqqında; səhmdarların hüquqları haqqında; cəmiyyəti idarəetmə orqanlarının tərkibi və səlahiyyətləri, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində qərarların yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qəbul olunduğu məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında şərtlər göstərilməlidir.

Səhmdar cəmiyyətinin nizamnaməsində qanunvericiliyə zidd olmayan digər məlumatlar da nəzərdə tutula bilər.

Səhmdar cəmiyyətinin nizamnaməsinin tələblərinə riayət edilməsi cəmiyyətin bütün orqanları, vəzifəli şəxsləri və səhmdarları üçün məcburidir.

Səhmdar cəmiyyəti öz səhmdarlarına nizamnamə, ona edilən əlavə və dəyişikliklər ilə tanış olmaq imkanmı yaratmalıdır. Səhmdarın tələbi ilə nizamnamənin surəti ona verilməlidir.

Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, cəmiyyətin nizamnaməsində əlavə və dəyişikliklərin edilməsi qərarı səhmdarların ümumi yığıncağında, səsvermə hüququna malik olan səhmdarların üçdə iki səs çoxluğu ilə qəbul edilir.

Səhmdar cəmiyyətinin nizamnamə kapitalı

Səhmdar cəmiyyətinin nizamnamə kapitalı cəmiyyətin səhmdarlar tərəfindən əldə edilmiş səhmlərinin nominal dəyərindən təşkil olunur.

Səhmdar cəmiyyətinin nizamnamə kapitalına qoyuluşların formaları, müvafiq olaraq, AR MM, sahəvi qanunlar və təsisçilər arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Səhmdar cəmiyyətinin nizamnaməsinə qoyuluşlar pul vəsaitləri, tam ödənilmiş qiymətli kağızlar, digər əmlak, o cümlədən əmlak hüquqları və pul dəyəri olan digər hüquqlar ola bilər. Səhmdar cəmiyyətinin yaradılması zamanı pul olmayan əmlakın dəyəri təsis yığıncağının qərarı ilə, səhmdar cəmiyyəti yaradıldıqdan sonra isə – səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə müəyyən edilir.

Cəmiyyətin nizamnamə kapitalı cəmiyyətin kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. O, müvafiq icra hakimiyyəti orqanı və maliyyə bazarlarını tənzimləyən qanunlarda nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyənləşdirilmiş miqdardan az ola bilməz.

Səhmdar cəmiyyətinin təsisçiləri cəmiyyət qeydə alınanadək nizamnamə kapitalını tamamilə ödəməyə borcludurlar. Səhmdar cəmiyyəti təsis edilərkən onun bütün səhmləri təsisçilər arasında bölünməlidir.

Əgər ikinci və hər növbəti maliyyə ili başa çatarkən cəmiyyətin xalis aktivlərinin dəyəri nizamnamə kapitalından az olarsa, cəmiyyət öz nizamnamə kapitalının azalmasını elan etməyə və müəyyənləşdirilmiş qaydada qeydə aldırmağa borcludur. Sahəvi qanunlarda nəzərdə tutulmuş hallar istisna olmaqla, əgər cəmiyyətin göstərilən aktivlərinin dəyəri nizamnamə kapitalının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş minimum miqdarından az olarsa, cəmiyyət ləğv edilməlidir.

Səhmdar cəmiyyətinin nizamnamə kapitalının artırılması

Səhmdarların ümumi yığıncağının qərarına əsasən səhmdar cəmiyyəti səhmlərin nominal dəyərini artırmaq və ya əlavə səhmlər buraxmaq yolu ilə nizamnamə kapitalını artıra bilər. Cəmiyyətə qarşı pul tələbi olan şəxslər pul tələbinin əvəzləşdirilməsi yolu ilə səhm əldə etmək təşəbbüsü ilə çıxış etdikdə əlavə səhmlərin buraxılması barədə qərarda həmin səhmləri əldə edəcək şəxslər göstərilməlidir. Səhmdar cəmiyyətinin səhmlərinin nominal dəyərinin artırılması və əlavə səhmlərin buraxılması qaydaları Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.

Maliyyə bazarlarını tənzimləyən qanunlarda pul tələblərinin cəmiyyət tərəfindən əlavə buraxılmış səhmlə əvəzləşdirilməsi ilə bağlı müddəaların olduğu hallar istisna olmaqla, cəmiyyətin təsərrüfat fəaliyyəti nəticəsində ödənilməmiş zərəri onun nizamnamə kapitalından artıq olduğu halda, həmin artıq məbləğlə əlavə buraxılmış səhmlə əvəzləşdirilməsi nəzərdə tutulan borc məbləği arasındakı fərq əlavə səhmlər buraxmaq hesabına aradan qaldırıldıqda cəmiyyətə qarşı pul tələblərinin əvəzləşdirilməsinə yol verilir. Cəmiyyətin təsərrüfat fəaliyyəti nəticəsində ödənilməmiş zərəri müəyyən edilərkən əsas vəsaitlərə amortizasiya ayırmaları hesabına yaranan xərclər nəzərə alınmır.

Sadə (adi) və ya digər səsli səhmlərə sahib olan səhmdarların cəmiyyət tərəfindən əlavə buraxılan səhmləri cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada satın almaqda üstünlük hüququ vardır. Cəmiyyətin səhminin əlli faiz və daha çox hissəsini almaq istəyən şəxs bütün səhmdarlara rəsmi qaydada müvafiq təklif təqdim edir.

Səhmdar cəmiyyətinin nizamnamə kapitalının azaldılması

Səhmdarların ümumi yığıncağının qərarına əsasən səhmdar cəmiyyəti səhmlərin nominal dəyərini azaltmaq yolu ilə və ya səhmlərin bir hissəsini satın alıb onların ümumi miqdarını azaltmaq yolu ilə nizamnamə kapitalını azalda bilər.

Səhmdar cəmiyyətinin nizamnamə kapitalının azaldılması haqqında səhmdarların ümumi yığıncağının qərarı qəbul edildiyi gündən on beş təqvim günü müddətində cəmiyyət kreditorlara bu barədə yazılı surətdə məlumat verməlidir. Cəmiyyətin kreditorları məlumatı aldıqdan sonra otuz təqvim günü ərzində cəmiyyətin müvafiq öhdəliklərinin vaxtından əvvəl icrasını və ya onlara xitam verilməsini və çəkdikləri zərərin ödənilməsini tələb edə bilərlər.

Səhmlərin bir hissəsinin satın alınması və ödənilməsi yolu ilə səhmdar cəmiyyətinin nizamnamə kapitalının azaldılmasına bu şərtlə yol verilir ki, belə imkan cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş olsun.

Sahəvi qanunlarda nəzərdə tutulmuş hallar istisna olmaqla, səhmdar cəmiyyəti tərəfindən nizamnamə kapitalının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş minimum miqdardan aşağı endirilməsi cəmiyyətin ləğvinə səbəb olur.

Səhmdar cəmiyyətinin yerləşdirilmiş səhmlərinin geri alınması

Səhmdar cəmiyyəti tərəfindən yerləşdirilmiş səhmlərin geri alınması AR MM və ya cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş hallarda səhmdarların tələbi ilə həyata keçirilir.

Cəmiyyət nizamnamə kapitalının miqdarını və səhmlərin sayını azaltmaq məqsədi ilə, ümumi yığıncağın qərarı əsasında, əvvəl yerləşdirilmiş səhmlərinin bir hissəsini geri ala bilər. Bu zaman dövriyyədə qalan səhmlərin ümumi nominal dəyəri qanunvericiliklə nizamnamə kapitalı üçün müəyyən edilmiş məbləğin minimal həddindən aşağı olmamalıdır.
Səhmlərin geri alınması səhm mülkiyyətçilərinin razılığı ilə, səhmlərin geri alınması fond birjası vasitəsi ilə həyata keçirildiyi hal istisna olunmaqla, ümumi yığıncaqda səhmin müəyyən olunmuş qiyməti ilə həyata keçirilir.

Aşağıdakı hallarda cəmiyyətin səhmlərinin geri alınması qərarı qəbul edilə bilməz:
– cəmiyyətin nizamnamə kapitalı tam formalaşmadıqda;
– cəmiyyətin ləğvi barədə qərar qəbul edildikdə;
– səhmdarların tələbi əsasında onların səhmlərinin geri alınması başa çatmadıqda.

Geri alınmış səhmlər səsvermə zamanı nəzərə alınmır və onlar üzrə dividendlər hesablanmır. Bu səhmlər geri satın alındığı tarixdən bir il müddətində ya özgəninkiləşdirilməli, ya da ümumi yığıncağın qərarı ilə dövriyyədən çıxarılmalıdır.

Səhmdar cəmiyyətinin qiymətli kağızlarının buraxılması

Səhmdar cəmiyyətinin səhmlərinin, istiqrazlarının və digər növ qiymətli kağızlarının buraxılması, yerləşdirilməsi, dövriyyəsi və dövriyyədən çıxarılması AR MM-nə, ona müvafiq olaraq qəbul edilmiş digər normativ hüquqi aktlara və cəmiyyətin nizamnaməsinə müvafiq olaraq həyata keçirilir.

Səhmdar cəmiyyətinin adi və imtiyazlı səhmlər buraxmaq hüququ vardır. Səhmdar cəmiyyətinin nizamnamə kapitalının ümumi həcmində imtiyazlı səhmlərin payı iyirmi beş faizdən çox ola bilməz. İmtiyazlı səhm öz mülkiyyətçilərinə səhmdar cəmiyyətinin ləğvindən sonra qalan əmlak hissəsini almaqda başqa səhmdarlara nisbətən üstünlük hüququ və bu cür səhmlərin buraxılması şərtlərində nəzərdə tutulan digər hüquqları verir. AR MM-də və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş hallar istisna olunmaqla, imtiyazlı səhmlər öz mülkiyyətçilərinə cəmiyyətin işlərinin idarə olunmasında iştirak etmək hüququ vermir.

Səhmdar cəmiyyətinin qiymətli kağızlarının birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası AR MM-nin 1078-26-cı maddəsinə müvafiq olaraq həyata keçirilir.

Səhmdar cəmiyyətinin yaradılması zamanı keçirilən təsis yığıncağı:

– səhmdar cəmiyyətinin yaradılması zamanı yerləşdirilən səhmlərin ödənilməsinə yönəldilən pul olmayan əmlakın dəyərini təsdiq edir;
– səhmdar cəmiyyətinin yaradılması barədə qərarı qəbul edir və onun nizamnaməsini təsdiq edir; – səhmdar cəmiyyətinin idarəetmə, nəzarət və icra orqanlarım təşkil edir;

Səhmdar cəmiyyətinin təsis yığıncağında cəmiyyətin təsis edilməsi, nizamnamənin təsdiq edilməsi, səhmdar cəmiyyətinin yaradılması zamanı yerləşdirilən səhmlərin ödənilməsinə yönəldilən pul olmayan əmlakın dəyərinin təsdiq edilməsi, idarəetmə, nəzarət və icra orqanlarının formalaşdırılması barədə qərarlar təsisçilər tərəfindən yekdilliklə, digər məsələlər üzrə isə sadə səs çoxluğu ilə qəbul edilir.

Hüquqlar:

Səhmlər buraxmağa yalnız səhmdar cəmiyyətlərinin hüququ vardır.

Məsuliyyət məsələləri:

Səhmdar cəmiyyətinin yaradılması ilə bağlı və onun dövlət qeydiyyatına alınmasına qədər yaranmış öhdəliklərinə görə cəmiyyətin təsisçiləri birgə məsuliyyət daşıyırlar.

Səhmdar cəmiyyətinin iştirakçıları (səhmdarlar) onun öhdəlikləri üçün cavabdeh deyildirlər və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün onlara mənsub səhmlərin dəyəri həddində risk daşıyırlar.

Səhmdar cəmiyyətinin iştirakçısı:

Səhmdar cəmiyyəti bir şəxs (fiziki və ya hüquqi şəxs) tərəfindən yaradıla bilər və ya cəmiyyətin bütün səhmlərini bir səhmdarın əldə etdiyi halda bir şəxsdən (fiziki və ya hüquqi şəxsdən) ibarət ola bilər. Bu barədə məlumat cəmiyyətin nizamnaməsində göstərilməli, qeydə alınmalı və hamının tanış olması üçün dərc edilməlidir. Səhmdar cəmiyyətinin yeganə iştirakçısı bir şəxsdən ibarət digər təsərrüfat cəmiyyəti ola bilməz.

Səhmdar cəmiyyətinin əmlakı:

Səhmdar cəmiyyətinin əmlakı onun səhmlərinin yerləşdirilməsi, maliyyə-təsərrüfat fəaliyyəti nəticəsində, habelə qanunla qadağan edilməmiş digər mənbələr hesabına yaranır.

Təsis yığıncağının keçirilməsi:

Səhmdar cəmiyyətinin yaradılması zamanı təsis yığıncağı təsisçilər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş müddətdə, səhmdar cəmiyyətinin bütün səhmləri təsisçilər arasında bölüşdürüldükdə keçirilir. Təsis yığıncağı bütün təsisçilər və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir (yetərsay var). Yetərsay olmadıqda, yığıncaq təkrarən keçirilir. Yetərsay təkrarən keçirilən təsis yığıncağında da olmadıqda, səhmdar cəmiyyətinin yaradılması iclasda iştirak edən təsisçilər və ya onların nümayəndələri tərəfindən baş tutmamış hesab edilir və bu qərar bütün təsisçilərin nəzərinə yeddi gün müddətində çatdırılır.