e-mmc.az
Qapalı Səhmdar Cəmiyyəti
Səhmləri yalnız onun təsisçiləri arasında və ya qabaqcadan müəyyənləşdirilmiş digər şəxslər dairəsində yayılan səhmdar cəmiyyəti qapalı səhmdar cəmiyyətidir. Bu cür cəmiyyət buraxdığı səhmlərə açıq abunə yazılışı apara bilməz və ya başqa şəkildə onları əldə edilmək üçün şəxslərin qeyri-məhdud dairəsinə təklif edə bilməz.
Qapalı səhmdar cəmiyyəti Mülki Məcəllənin 99-cu maddəsində göstərilən sənədləri hamının tanış olması üçün dərc etməyə borcludur.
Səhmdar cəmiyyəti səhmləri əldə etməkdən imtina etdikdə və ya onların qiymətinə dair razılığa gəlinmədikdə səhmlər üçüncü şəxsə özgəninkiləşdirilə bilər. Bu zaman səhmin satış qiyməti səhmdarlara və ya səhmdar cəmiyyətinə təklif edilən qiymətdən aşağı olmamalıdır. Əks halda səhmdar cəmiyyəti həmin əqdin etibarsız hesab edilməsini və səhmin həmin qiymətə cəmiyyətə satılmasını məhkəmə qaydasında tələb edə bilər.
Əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, qapalı səhmdar cəmiyyətinin səhmləri səhmdar olan fiziki şəxslərin vərəsələrinə və ya hüquqi şəxsin hüquq varislərinə keçir.
Cəmiyyət səhmlərin səhmdar olan fiziki şəxsin vərəsələrinə və ya hüquqi şəxsin hüquq varislərinə keçməsinə razılıq verməkdən imtina etdikdə Mülki Məcəllənin 101.1-ci maddəsinin qaydaları tətbiq edilir.
İştirakçıların sayı
Qapalı səhmdar cəmiyyətinin iştirakçılarının sayı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş həddi keçməməlidir, əks halda o, bir il ərzində açıq səhmdar cəmiyyətinə çevrilməli, bu müddət bitdikdən sonra isə, əgər onların sayı azaldılıb müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş həddə endirilməzsə, məhkəmə qaydasında ləğv edilməlidir.
Hüquqlar
Qapalı səhmdar cəmiyyətinin səhmdarları həmin cəmiyyətin digər səhmdarlarının satdıqları səhmləri əldə etməkdə üstünlük hüququna malikdirlər. Əgər səhmdarlardan heç biri cəmiyyətin nizamnaməsində nəzərdə tutulan müddətdə, lakin satış elan olunduğu tarixdən etibarən otuz gün ərzində özünün üstünlük hüququndan istifadə etməzsə, sonrakı otuz gün ərzində səhmdar cəmiyyəti həmin səhmləri onların mülkiyyətçisi ilə razılaşdırılmış qiymətə özü əldə edə bilər.
Səhmlərin girov qoyulması
Qapalı səhmdar cəmiyyətinin səhmləri girov qoyulduqda və sonradan onlara girov saxlayan tərəfindən tutma yönəldildikdə müvafiq olaraq Mülki Məcəllənin 101.1-ci maddəsinin qaydaları tətbiq edilir.
Səhmdar cəmiyyəti
Nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır.
Səhmdar cəmiyyətinin nizamnaməsi
Səhmdar cəmiyyətinin nizamnaməsində AR MM-nin 47.2-ci maddəsində göstərilən məlumatlardan savayı, cəmiyyətin buraxdığı səhmlərin kateqoriyaları, onların nominal dəyəri və miqdarı haqqında; cəmiyyətin nizamnamə kapitalının miqdarı haqqında; səhmdarların hüquqları haqqında; cəmiyyəti idarəetmə orqanlarının tərkibi və səlahiyyətləri, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində qərarların yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qəbul olunduğu məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında şərtlər göstərilməlidir.
Səhmdar cəmiyyətinin nizamnaməsində qanunvericiliyə zidd olmayan digər məlumatlar da nəzərdə tutula bilər.
Səhmdar cəmiyyətinin nizamnaməsinin tələblərinə riayət edilməsi cəmiyyətin bütün orqanları, vəzifəli şəxsləri və səhmdarları üçün məcburidir.
Səhmdar cəmiyyəti öz səhmdarlarına nizamnamə, ona edilən əlavə və dəyişikliklər ilə tanış olmaq imkanmı yaratmalıdır. Səhmdarın tələbi ilə nizamnamənin surəti ona verilməlidir.
“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, cəmiyyətin nizamnaməsində əlavə və dəyişikliklərin edilməsi qərarı səhmdarların ümumi yığıncağında, səsvermə hüququna malik olan səhmdarların üçdə iki səs çoxluğu ilə qəbul edilir.
Səhmdar cəmiyyətinin nizamnamə kapitalı
Səhmdar cəmiyyətinin nizamnamə kapitalı cəmiyyətin səhmdarlar tərəfindən əldə edilmiş səhmlərinin nominal dəyərindən təşkil olunur.
Səhmdar cəmiyyətinin nizamnamə kapitalına qoyuluşların formaları, müvafiq olaraq, AR MM, sahəvi qanunlar və təsisçilər arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Səhmdar cəmiyyətinin nizamnaməsinə qoyuluşlar pul vəsaitləri, tam ödənilmiş qiymətli kağızlar, digər əmlak, o cümlədən əmlak hüquqları və pul dəyəri olan digər hüquqlar ola bilər. Səhmdar cəmiyyətinin yaradılması zamanı pul olmayan əmlakın dəyəri təsis yığıncağının qərarı ilə, səhmdar cəmiyyəti yaradıldıqdan sonra isə – səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə müəyyən edilir.
Cəmiyyətin nizamnamə kapitalı cəmiyyətin kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. O, müvafiq icra hakimiyyəti orqanı və maliyyə bazarlarını tənzimləyən qanunlarda nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyənləşdirilmiş miqdardan az ola bilməz.
Səhmdar cəmiyyətinin təsisçiləri cəmiyyət qeydə alınanadək nizamnamə kapitalını tamamilə ödəməyə borcludurlar. Səhmdar cəmiyyəti təsis edilərkən onun bütün səhmləri təsisçilər arasında bölünməlidir.
Əgər ikinci və hər növbəti maliyyə ili başa çatarkən cəmiyyətin xalis aktivlərinin dəyəri nizamnamə kapitalından az olarsa, cəmiyyət öz nizamnamə kapitalının azalmasını elan etməyə və müəyyənləşdirilmiş qaydada qeydə aldırmağa borcludur. Sahəvi qanunlarda nəzərdə tutulmuş hallar istisna olmaqla, əgər cəmiyyətin göstərilən aktivlərinin dəyəri nizamnamə kapitalının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş minimum miqdarından az olarsa, cəmiyyət ləğv edilməlidir.
Səhmdar cəmiyyətinin nizamnamə kapitalının artırılması
Səhmdarların ümumi yığıncağının qərarına əsasən səhmdar cəmiyyəti səhmlərin nominal dəyərini artırmaq və ya əlavə səhmlər buraxmaq yolu ilə nizamnamə kapitalını artıra bilər. Cəmiyyətə qarşı pul tələbi olan şəxslər pul tələbinin əvəzləşdirilməsi yolu ilə səhm əldə etmək təşəbbüsü ilə çıxış etdikdə əlavə səhmlərin buraxılması barədə qərarda həmin səhmləri əldə edəcək şəxslər göstərilməlidir. Səhmdar cəmiyyətinin səhmlərinin nominal dəyərinin artırılması və əlavə səhmlərin buraxılması qaydaları Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.
Maliyyə bazarlarını tənzimləyən qanunlarda pul tələblərinin cəmiyyət tərəfindən əlavə buraxılmış səhmlə əvəzləşdirilməsi ilə bağlı müddəaların olduğu hallar istisna olmaqla, cəmiyyətin təsərrüfat fəaliyyəti nəticəsində ödənilməmiş zərəri onun nizamnamə kapitalından artıq olduğu halda, həmin artıq məbləğlə əlavə buraxılmış səhmlə əvəzləşdirilməsi nəzərdə tutulan borc məbləği arasındakı fərq əlavə səhmlər buraxmaq hesabına aradan qaldırıldıqda cəmiyyətə qarşı pul tələblərinin əvəzləşdirilməsinə yol verilir. Cəmiyyətin təsərrüfat fəaliyyəti nəticəsində ödənilməmiş zərəri müəyyən edilərkən əsas vəsaitlərə amortizasiya ayırmaları hesabına yaranan xərclər nəzərə alınmır.
Sadə (adi) və ya digər səsli səhmlərə sahib olan səhmdarların cəmiyyət tərəfindən əlavə buraxılan səhmləri cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada satın almaqda üstünlük hüququ vardır. Cəmiyyətin səhminin əlli faiz və daha çox hissəsini almaq istəyən şəxs bütün səhmdarlara rəsmi qaydada müvafiq təklif təqdim edir.
Səhmdar cəmiyyətinin nizamnamə kapitalının azaldılması
Səhmdarların ümumi yığıncağının qərarına əsasən səhmdar cəmiyyəti səhmlərin nominal dəyərini azaltmaq yolu ilə və ya səhmlərin bir hissəsini satın alıb onların ümumi miqdarını azaltmaq yolu ilə nizamnamə kapitalını azalda bilər.
Səhmdar cəmiyyətinin nizamnamə kapitalının azaldılması haqqında səhmdarların ümumi yığıncağının qərarı qəbul edildiyi gündən on beş təqvim günü müddətində cəmiyyət kreditorlara bu barədə yazılı surətdə məlumat verməlidir. Cəmiyyətin kreditorları məlumatı aldıqdan sonra otuz təqvim günü ərzində cəmiyyətin müvafiq öhdəliklərinin vaxtından əvvəl icrasını və ya onlara xitam verilməsini və çəkdikləri zərərin ödənilməsini tələb edə bilərlər.
Səhmlərin bir hissəsinin satın alınması və ödənilməsi yolu ilə səhmdar cəmiyyətinin nizamnamə kapitalının azaldılmasına bu şərtlə yol verilir ki, belə imkan cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş olsun.
Sahəvi qanunlarda nəzərdə tutulmuş hallar istisna olmaqla, səhmdar cəmiyyəti tərəfindən nizamnamə kapitalının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş minimum miqdardan aşağı endirilməsi cəmiyyətin ləğvinə səbəb olur.
Səhmdar cəmiyyətinin yerləşdirilmiş səhmlərinin geri alınması
Səhmdar cəmiyyəti tərəfindən yerləşdirilmiş səhmlərin geri alınması AR MM və ya cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş hallarda səhmdarların tələbi ilə həyata keçirilir.
Cəmiyyət nizamnamə kapitalının miqdarını və səhmlərin sayını azaltmaq məqsədi ilə, ümumi yığıncağın qərarı əsasında, əvvəl yerləşdirilmiş səhmlərinin bir hissəsini geri ala bilər. Bu zaman dövriyyədə qalan səhmlərin ümumi nominal dəyəri qanunvericiliklə nizamnamə kapitalı üçün müəyyən edilmiş məbləğin minimal həddindən aşağı olmamalıdır.
Səhmlərin geri alınması səhm mülkiyyətçilərinin razılığı ilə, səhmlərin geri alınması fond birjası vasitəsi ilə həyata keçirildiyi hal istisna olunmaqla, ümumi yığıncaqda səhmin müəyyən olunmuş qiyməti ilə həyata keçirilir.
Aşağıdakı hallarda cəmiyyətin səhmlərinin geri alınması qərarı qəbul edilə bilməz:
– cəmiyyətin nizamnamə kapitalı tam formalaşmadıqda;
– cəmiyyətin ləğvi barədə qərar qəbul edildikdə;
– səhmdarların tələbi əsasında onların səhmlərinin geri alınması başa çatmadıqda.
Geri alınmış səhmlər səsvermə zamanı nəzərə alınmır və onlar üzrə dividendlər hesablanmır. Bu səhmlər geri satın alındığı tarixdən bir il müddətində ya özgəninkiləşdirilməli, ya da ümumi yığıncağın qərarı ilə dövriyyədən çıxarılmalıdır.
Səhmdar cəmiyyətinin qiymətli kağızlarının buraxılması
Səhmdar cəmiyyətinin səhmlərinin, istiqrazlarının və digər növ qiymətli kağızlarının buraxılması, yerləşdirilməsi, dövriyyəsi və dövriyyədən çıxarılması AR MM-nə, ona müvafiq olaraq qəbul edilmiş digər normativ hüquqi aktlara və cəmiyyətin nizamnaməsinə müvafiq olaraq həyata keçirilir.
Səhmdar cəmiyyətinin adi və imtiyazlı səhmlər buraxmaq hüququ vardır. Səhmdar cəmiyyətinin nizamnamə kapitalının ümumi həcmində imtiyazlı səhmlərin payı iyirmi beş faizdən çox ola bilməz. İmtiyazlı səhm öz mülkiyyətçilərinə səhmdar cəmiyyətinin ləğvindən sonra qalan əmlak hissəsini almaqda başqa səhmdarlara nisbətən üstünlük hüququ və bu cür səhmlərin buraxılması şərtlərində nəzərdə tutulan digər hüquqları verir. AR MM-də və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş hallar istisna olunmaqla, imtiyazlı səhmlər öz mülkiyyətçilərinə cəmiyyətin işlərinin idarə olunmasında iştirak etmək hüququ vermir.
Səhmdar cəmiyyətinin qiymətli kağızlarının birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası AR MM-nin 1078-26-cı maddəsinə müvafiq olaraq həyata keçirilir.
Səhmdar cəmiyyətinin yaradılması zamanı keçirilən təsis yığıncağı:
– səhmdar cəmiyyətinin yaradılması zamanı yerləşdirilən səhmlərin ödənilməsinə yönəldilən pul olmayan əmlakın dəyərini təsdiq edir;
– səhmdar cəmiyyətinin yaradılması barədə qərarı qəbul edir və onun nizamnaməsini təsdiq edir; – səhmdar cəmiyyətinin idarəetmə, nəzarət və icra orqanlarım təşkil edir;
Səhmdar cəmiyyətinin təsis yığıncağında cəmiyyətin təsis edilməsi, nizamnamənin təsdiq edilməsi, səhmdar cəmiyyətinin yaradılması zamanı yerləşdirilən səhmlərin ödənilməsinə yönəldilən pul olmayan əmlakın dəyərinin təsdiq edilməsi, idarəetmə, nəzarət və icra orqanlarının formalaşdırılması barədə qərarlar təsisçilər tərəfindən yekdilliklə, digər məsələlər üzrə isə sadə səs çoxluğu ilə qəbul edilir.
Hüquqlar:
Səhmlər buraxmağa yalnız səhmdar cəmiyyətlərinin hüququ vardır.
Məsuliyyət məsələləri:
Səhmdar cəmiyyətinin yaradılması ilə bağlı və onun dövlət qeydiyyatına alınmasına qədər yaranmış öhdəliklərinə görə cəmiyyətin təsisçiləri birgə məsuliyyət daşıyırlar.
Səhmdar cəmiyyətinin iştirakçıları (səhmdarlar) onun öhdəlikləri üçün cavabdeh deyildirlər və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün onlara mənsub səhmlərin dəyəri həddində risk daşıyırlar.
Səhmdar cəmiyyətinin iştirakçısı:
Səhmdar cəmiyyəti bir şəxs (fiziki və ya hüquqi şəxs) tərəfindən yaradıla bilər və ya cəmiyyətin bütün səhmlərini bir səhmdarın əldə etdiyi halda bir şəxsdən (fiziki və ya hüquqi şəxsdən) ibarət ola bilər. Bu barədə məlumat cəmiyyətin nizamnaməsində göstərilməli, qeydə alınmalı və hamının tanış olması üçün dərc edilməlidir. Səhmdar cəmiyyətinin yeganə iştirakçısı bir şəxsdən ibarət digər təsərrüfat cəmiyyəti ola bilməz.
Səhmdar cəmiyyətinin əmlakı:
Səhmdar cəmiyyətinin əmlakı onun səhmlərinin yerləşdirilməsi, maliyyə-təsərrüfat fəaliyyəti nəticəsində, habelə qanunla qadağan edilməmiş digər mənbələr hesabına yaranır.
Təsis yığıncağının keçirilməsi:
Səhmdar cəmiyyətinin yaradılması zamanı təsis yığıncağı təsisçilər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş müddətdə, səhmdar cəmiyyətinin bütün səhmləri təsisçilər arasında bölüşdürüldükdə keçirilir. Təsis yığıncağı bütün təsisçilər və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir (yetərsay var). Yetərsay olmadıqda, yığıncaq təkrarən keçirilir. Yetərsay təkrarən keçirilən təsis yığıncağında da olmadıqda, səhmdar cəmiyyətinin yaradılması iclasda iştirak edən təsisçilər və ya onların nümayəndələri tərəfindən baş tutmamış hesab edilir və bu qərar bütün təsisçilərin nəzərinə yeddi gün müddətində çatdırılır.
Səhmdar cəmiyyətinin səhmdarları
Səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin AR MM ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir.
Bir neçə şəxsə bir səhm mənsub olduğu halda, onlar səhmdar cəmiyyətinə münasibətdə bir səhmdar kimi tanınırlar və öz hüquqlarını nümayəndə vasitəsi ilə həyata keçirə bilərlər.
Səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır:
– cəmiyyətin idarə edilməsində AR MM, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək;
– qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq;
– cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək;
– cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək;
– cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək;
– cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək;
– cəmiyyətin xalis mənfəətindən dividend almaq;
– cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq;
– icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək;
– cəmiyyətin səhmlərinin satışı prosesində iştirak etmək;
– bağlanmış əqd nəticəsində cəmiyyətə və ya səhmdarlara dəyən zərərin və bununla bağlı məsrəflərin ödənilməsi barədə məhkəməyə və ya digər səlahiyyətli quruma müraciət etmək;
– bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq.
– AR MM-də və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq.
Səhmdar cəmiyyətinin imtiyazlı səhminin (hər bir növ üzrə) mülkiyyətçisinin hüquqları AR MM və səhmdar cəmiyyətinin nizamnaməsi ilə müəyyən edilir.
Səhmdar cəmiyyətinin nizamnaməsində aşağıdakı məsələlər üzrə qərarların qəbul edilməsində imtiyazlı səhm mülkiyyətçisi səs hüququ əldə edir:
– səhmdar cəmiyyətinin yenidən təşkil edilməsi;
– səhmdar cəmiyyətinin ləğv edilməsi;
– səhmdara məxsus olan imtiyazlı səhm növü üzrə hüquqlarmı məhdudlaşdıran dəyişiklik və əlavələrin nizamnamədə edilməsi.
Səhmdar cəmiyyətinin səhmdarının vəzifələri aşağıdakılardır:
– qanuna və (və ya) nizamnaməyə əsasən kommersiya sirri və ya məxfi hesab olunan məlumatları üçüncü şəxslərə açıqlamamaq;
– səhmdarların reyestrində ona dair daxil edilmiş məlumatların dəyişilməsi barədə mərkəzi depozitara on təqvim günü ərzində yazılı bildiriş vermək;
– qanunvericiliklə müəyyən edilmiş başqa vəzifələri yerinə yetirmək.
Səhmdar cəmiyyətinin səhmdarlarının hüquqlarının müdafiəsi AR MM, digər qanunlar və normativ hüquqi aktlara uyğun olaraq təmin edilir.
Səhmdar cəmiyyətinin səhmdarlarının reyestri
Səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən otuz təqvim günündən gec olmayaraq səhmdarlarının reyestrinin aparılmasını təmin etməlidir.
Səhmdar cəmiyyətinin səhmdarlarının reyestri mərkəzi depozitar tərəfindən aparılmalıdır.
Səhmdar ildə bir dəfə cəmiyyətin icra orqanından səhmdarların reyestrinin ona təqdim edilməsini tələb edə bilər. Bu halda səhmdar cəmiyyətinin icra orqanı səhmdarların reyestrini beş gün ərzində həmin səhmdara təqdim etməlidir.
Səhmdar cəmiyyətinin mənfəəti və dividendlər
Səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir.
Səhmdar cəmiyyəti nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. Səhmdar cəmiyyətinin dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır və 30 (otuz) gün müddətində icra edilir. Səhmdarların tərkibinin dəyişməsi dividendlərin ödənilməsi barədə qərarın AR MM ilə müəyyən edilmiş müddətdə və qaydada icra olunmasına təsir etmir.
Adi səhm üzrə dividend səhmdar cəmiyyətinin xalis mənfəətinin səhmdarlara hər bir adi səhm üzrə hesablanmış ödənişlər şəklində bölüşdürülmüş hissəsidir.
İmtiyazlı səhm üzrə dividend səhmdar cəmiyyətinin təsərrüfat fəaliyyətinin nəticəsindən asılı olmayaraq, imtiyazlı səhm mülkiyyətçilərinə, bir qayda olaraq, səhmin nominal dəyərinin sabit faizi şəklində ödənilən vəsaitdir. Həmin vəsaitin ödənilməsini təmin etmək üçün səhmdar cəmiyyəti öz vəsaitləri hesabına xüsusi fondlar yarada bilər.
Dividendlər və onların ödənilməsi qaydası haqqında qərar (həmin məsələ nizamnamədə müəyyən edilmədikdə) cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və ya həmin orqanlar formalaşdırılmadıqda cəmiyyətin icra orqanının təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir.
Səhmdar cəmiyyəti adi səhmlər üzrə dividendlərin hesablanmasını (bölüşdürülməsini) imtiyazlı səhmlərin bütün növləri üzrə dividendlərin hesablanmasından (bölüşdürülməsindən) sonra həyata keçirir.
Dividendlərin hesablanmasında (bölüşdürülməsində) ilk növbəlilik hüququnu verən imtiyazlı səhmlər üzrə dividendlər digər imtiyazlı səhmlər üzrə dividendlərdən əvvəl bölüşdürülür. Dividendlər hesablanarkən səhmlərin hər bir növü və nominalı üzrə hər səhmə düşən məbləğ eyni olmalıdır.
Əgər səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalının miqdarından azdırsa və ya dividendlərin ödənilməsi nəticəsində az olacaqsa, səhmdar cəmiyyəti dividendləri elan edə və ödəyə bilməz.
Səhmdar cəmiyyətində idarəetmə
Səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır.
Səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir:
– cəmiyyətin nizamnaməsini və nizamnamə kapitalının miqdarını dəyişdirmək;
– cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və təftiş komissiyasının üzvlərini (müfəttişi) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək;
– cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, bir şərtlə ki, cəmiyyətin nizamnaməsində bu məsələlərin həlli direktorlar şurasının (müşahidə şurasının) səlahiyyətinə aid edilməsin;
– cəmiyyətin illik hesabatlarını, maliyyə hesabatlarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmək;
– cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək;
– Mülki Məcəllənin 49-1.2-ci və 99.3-cü maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək.
Mülki Məcəllə ilə səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aid edilmiş məsələlər həll edilmək üçün onun tərəfindən cəmiyyətin icra orqanlarına verilə bilməz.
Səhmdarlarının sayı əllidən çox olan cəmiyyətdə, habelə ictimai əhəmiyyətli qurumlarda direktorlar şurası (müşahidə şurası) yaradılır. Direktorlar şurasının (müşahidə şurasının) yaradıldığı halda cəmiyyətin nizamnaməsində onun müstəsna səlahiyyəti müəyyənləşdirilməlidir. Nizamnamə ilə direktorlar şurasının (müşahidə şurasının) müstəsna səlahiyyətinə aid edilmiş məsələlər həll edilmək üçün onun tərəfindən cəmiyyətin icra orqanlarına verilə bilməz.
Cəmiyyətin icra orqanı kollegial (idarə heyəti, müdiriyyət) və ya təkbaşçı (direktor, baş direktor) ola bilər. O, cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, direktorlar şurasına (müşahidə şurasına) və səhmdarların ümumi yığıncağına hesabat verir. Mülki Məcəllə ilə və ya cəmiyyətin nizamnaməsi ilə cəmiyyətin digər idarəetmə orqanlarının müstəsna səlahiyyətinə aid edilməmiş bütün məsələlərin həlli cəmiyyətin icra orqanının səlahiyyətinə aiddir. “Banklar haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, səhmdarların ümumi yığıncağının qərarı ilə cəmiyyətin icra orqanının səlahiyyətləri müqaviləyə əsasən başqa kommersiya təşkilatına və ya fərdi sahibkara (idarəçiyə) verilə bilər.
Səhmdar cəmiyyətinin idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydası, müvafiq olaraq, Mülki Məcəlləyə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarına və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir.
Mülki Məcəllənin 99-cu maddəsində göstərilən sənədlərin dərci zamanı səhmdar cəmiyyəti illik maliyyə hesabatlarının yoxlanılması üçün müstəqil auditoru cəlb etməyə borcludur. Nizamnamə kapitalında məcmu payı on faiz və ya daha çox olan səhmdarların tələbi ilə səhmdar cəmiyyətinin fəaliyyətinin auditor yoxlanışı hər bir vaxt keçirilməlidir. Səhmdar cəmiyyətinin fəaliyyətinin auditor yoxlanışının keçirilməsi qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir.
Səhmdarların ümumi yığıncağının çağırılması
Səhmdarların ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Səhmdarların növbəti ümumi yığıncağı ildə bir dəfədən az olmayaraq çağırılmalıdır (illik ümumi yığıncaq).
“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, səhmdarların illik ümumi yığıncağı maliyyə ili bitdikdən sonra altı aydan gec olmayaraq, direktorlar şurası (müşahidə şurası) tərəfindən çağırılır və bu barədə səhmdarlara məlumat verilir. Cəmiyyətin direktorlar şurası (müşahidə şurası) olmadıqda, səhmdarların ümumi yığıncağının çağırılması cəmiyyətin icra orqanı tərəfindən həyata keçirilir.
Səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə media ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmasını təmin etməlidir.
Səhmdarların ümumi yığıncağının çağırılması barədə bildirişdə aşağıdakılar göstərilməlidir:
1. cəmiyyətin adı və olduğu yer;
2. səhmdarların ümumi yığıncağının keçirilmə tarixi, vaxtı və ünvanı;
3. səhmdarların ümumi yığıncağının gündəliyi;
4. səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla tanış olunma qaydası.
Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, səhmdarların növbədənkənar ümumi yığıncağı direktorlar şurasının (müşahidə şurasının) öz təşəbbüsü ilə və ya təftiş komissiyasının (müfəttişin), yaxud səsli səhmlərin on faizinə malik olan səhmdarların yazılı tələbi ilə cəmiyyətin icra orqanı tərəfindən çağırılır. Cəmiyyətin direktorlar şurası (müşahidə şurası) olmadıqda səhmdarların növbədənkənar ümumi yığıncağı icra orqanının təşəbbüsü ilə çağırılır.
Səhmdarların növbədənkənar ümumi yığıncağının çağırılması tələbində gündəliyə təklif olunan məsələlər göstərilməlidir. Həmin məsələlər yığıncağın gündəliyinə mütləq salınmalıdır.
Səhmdarların növbədənkənar ümumi yığıncağının çağırılması haqqında tələbin (təşəbbüsün) daxil olduğu gündən etibarən icra orqanı aşağıdakıları yerinə yetirməlidir:
1. üç iş günü müddətində səhmdarların ümumi yığıncağının vaxtmı və yerini təyin edib, qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla, bu barədə mediada elan verməlidir;
2. beş iş günü müddətində səhmdarların ümumi yığıncağının çağırılması barədə bildirişləri səhmdarlara göndərməlidir;
3. otuz gündən tez, qırx beş gündən gec olmayaraq səhmdarların ümumi yığıncağının keçirilməsini təmin etməlidir.
Səhmdarların ümumi yığıncağında yetərsay
Səhmdarların ümumi yığıncağında səsli səhmlərin ən azı altmış faizinin mülkiyyətçiləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir.
Səhmdarların ümumi yığıncağında yetərsay olmadıqda, ümumi yığıncaq Mülki Məcəllənin 107-1.8-ci maddəsində müəyyən edilmiş qaydada“Banklar haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, yenidən çağırılmalıdır. Bu zaman ümumi yığıncağın gündəliyi dəyişdirilməməlidir. Yenidən çağırılan ümumi yığıncaq səsli səhmlərin 40 faizinin mülkiyyətçiləri iştirak etdikdə səlahiyyətlidir.
Yenidən çağırılan yığıncaqda yetərsay olmadıqda, ümumi yığıncaq Mülki Məcəllənin 107-1.8-ci maddəsində müəyyən edilmiş qaydada, gündəliyi dəyişdirilmədən “Banklar haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, təkrarən çağırılmalıdır. Təkrarən çağırılan ümumi yığıncaq səsli səhmlərin 25 faizinin mülkiyyətçiləri iştirak etdikdə səlahiyyətlidir.
Təkrarən çağırılan ümumi yığıncağın keçirilməsi üçün yetərsay təmin olunmadıqda, cəmiyyət Azərbaycan Respublikasının Mərkəzi Banka məlumat verərək yetərsaydan asılı olmadan ümumi yığıncağın qərarı ilə və ya Azərbaycan Respublikasının Mərkəzi Bankın iddiası əsasında məhkəmənin qərarı ilə ləğv edilə bilər. Səhmdarların cəmiyyətin ləğv edilməsi haqqında ümumi yığıncağın qərarından məhkəməyə şikayət etmək hüququ vardır.
Səhmdarın ümumi yığıncaqda iştirakı qaydası
Səhmdar ümumi yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsi ilə həyata keçirir. Bu zaman səhmdarın nümayəndəsi qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmiş etibarnaməyə malik olmalıdır.
Cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş halda, səhmdar ümumi yığıncağın gündəliyində olan məsələyə münasibətini dəqiq və şərtsiz bildirməklə (lehinə, əleyhinə, bitərəf), imzası qanunvericilikdə müəyyən edilmiş qaydada (notarial və sair) təsdiq edilməklə, yazılı sənəd vasitəsi ilə səsvermədə qiyabi iştirak edə bilər. Qiyabi səsvermənin reqlamenti cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir.
Səhm bir neçə şəxsin ümumi birgə mülkiyyətində olduğu halda, ümumi yığıncaqda səsvermə səlahiyyəti onun mülkiyyətçilərinin birinə və ya onların ümumi nümayəndəsinə qanunvericilikdə müəyyən olunmuş qaydada həvalə edilir.
Səhmdarların ümumi yığıncağında səsvermə “bir səsli səhm — bir səsdir” prinsipi əsasında həyata keçirilir.
Hesablama komissiyası
Səhmdarlarının sayı yüzdən çox olan cəmiyyətlərin ümumi yığıncaqlarında səsvermənin nəticələrinin müəyyən edilməsi üçün sayı üç nəfərdən az olmayan hesablama komissiyası yaradılmalıdır. Hesablama komissiyasına direktorlar şurasının (müşahidə şurasının) üzvləri, təftiş komissiyasının üzvləri (müfəttiş), icra orqanlarının üzvləri (təkbaşçı icra orqanı) və həmin vəzifələrə (vəzifəyə) seçilməyə namizədlər daxil edilməməlidir.
Hesablama komissiyasının yaradılması qaydası cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir.
Hesablama komissiyasının protokolu ümumi yığıncağın protokoluna əlavə olunur.
Səhmdarların ümumi yığıncağının qərarı
Səhmdarların ümumi yığıncağının qərarı, Mülki Məcəllə və cəmiyyətin nizamnaməsi ilə başqa hal nəzərdə tutulmadıqda, Mülki Məcəllənin 107-3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ümumi yığıncaqda iştirak edən səhmdarların sadə səs çoxluğu ilə qəbul edilir. Cəmiyyətin yenidən təşkili, ləğvi, nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi haqqında qərarlar “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qayda istisna olmaqla, səhmdarların ümumi yığıncağında səsvermə hüququna malik olan səhmdarların üçdə iki səs çoxluğu ilə qəbul edilir.
Səhmdarların ümumi yığıncağının gündəliyinə daxil edilməmiş məsələlər üzrə qərar qəbul edə bilməz.
Səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarlar on beş təqvim günündən gec olmayaraq səhmdarlara elan edilməlidir.
Səhmdarların ümumi yığıncağının qərarından səhmdar məhkəməyə şikayət edə bilər.
Səhmdarların ümumi yığıncağının protokolu
Səhmdarların ümumi yığıncağının protokolu yığıncaq bitdikdən sonra üç iş günündən gec olmayaraq iki nüsxədə tərtib olunur, sədrlik edən şəxs və katib tərəfindən imzalanır və möhürlənir.
Səhmdarların ümumi yığıncağının protokolunda aşağıdakılar göstərilir:
1. ümumi yığıncağın keçirilmə vaxtı və yeri;
2 ümumi yığıncağın gündəliyi;
3. ümumi yığıncağın iştirakçılarının səsli səhmlərinin sayı;
4. iştirak edən səsvermə hüququna malik olan səhmdarların sayı;
5. çıxışların xülasəsi;
6. səsə qoyulan hər bir məsələ üzrə səsvermənin nəticələri;
7. ümumi yığıncaq tərəfindən qəbul edilmiş qərarın dəqiq və səlis ifadə olunmuş mətni.
Səhmdarın tələbi ilə protokolun surəti ona təqdim edilməlidir.
Səhmdar cəmiyyətinin direktorlar şurası (müşahidə şurası)
Mülki Məcəllənin 107.3-cü maddəsi ilə nəzərdə tutulmuş halda cəmiyyətin direktorlar şurası (müşahidə şurası) yaradılır. Cəmiyyətin direktorlar şurası (müşahidə şurası) öz səlahiyyətləri hüdudlarında ümumi rəhbərliyi və cəmiyyətin fəaliyyəti üzərində nəzarəti həyata keçirir.
Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin sayı və onlara olan tələblər cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir. Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) üzvləri üçün sayı və onlara dair tələblər qanunla da müəyyən edilə bilər.
Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) tərkibi nizamnamədə nəzərdə tutulmuş sayın yarısına qədər azaldıqda, otuz təqvim günü ərzində cəmiyyətin növbədənkənar ümumi yığıncağı çağırılaraq, direktorlar şurasına (müşahidə şurasına) yeni üzvlər seçilməlidir.
Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) üzvləri ümumi yığıncaqda üç ildən artıq olmayan müddətə Mülki Məcəllə ilə və cəmiyyətin nizamnaməsi ilə nəzərdə tutulmuş qaydada seçilirlər.
Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) üzvü fiziki şəxs olmalıdır. Direktorlar şurasının (müşahidə şurasının) üzvlüyünə, nizamnamədə başqa hal nəzərdə tutulmamışdırsa, cəmiyyətin səhmdarı olmayan şəxs də seçilə bilər. Cəmiyyətin icra orqanlarının üzvləri (təkbaşçı icra orqanı) direktorlar şurasına (müşahidə şurasına) üzv seçilə bilməz.
Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və ya onun üzvünün səlahiyyətinə vaxtından əvvəl xitam verilməsi ümumi yığıncağın qərarı ilə həyata keçirilə bilər.
Səhmdar cəmiyyətinin direktorlar şurasının (müşahidə şurasının) sədri
Səhmdar cəmiyyətinin direktorlar şurasının (müşahidə şurasının) sədri səhmdarların ümumi yığıncağı tərəfindən direktorlar şurasının (müşahidə şurasının) üzvləri arasından seçilir. Direktorlar şurasının (müşahidə şurasının) sədri şuraya rəhbərlik edir.
Səhmdar cəmiyyətinin direktorlar şurasının (müşahidə şurasının) iclası
Səhmdar cəmiyyətinin direktorlar şurasının (müşahidə şurasının) sədri onun iclaslarıı üç ayda bir dəfədən az olmayaraq çağırır və iclaslara sədrlik edir. Cəmiyyətin təftiş komissiyasının (müfəttişin), icra orqanının, şura üzvlərinin, habelə qanun və nizamnamə ilə müəyyən edilə bilən digər şəxslərin tələbi ilə də direktorlar şurasının (müşahidə şurasının) iclası şuranın sədri tərəfindən çağırılır. Şuranın iclasının keçirilməsi qaydaları cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir.
Səhmdar cəmiyyətinin direktorlar şurasının (müşahidə şurasının) iclasında hər üzv bir səsə malik olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslərin sayı bərabər bölünərsə, şuranın sədrinin səsi qərarın qəbul edilməsi və ya rədd edilməsi üçün həlledici hesab edilir.
Səhmdar cəmiyyətinin direktorlar şurasının (müşahidə şurasının) iclası çağırıldıqda, iclasın yerini, vaxtını, iştirakçılarmı, gündəliyini, çıxışların xülasəsini, səsvermənin nəticələrini və qərarlarını əks etdirən protokol tərtib edilir. Həmin protokol şuranın sədri tərəfindən imzalanır.
Səhmdar cəmiyyətinin icra orqanı
Cəmiyyətin icra orqanına direktorlar şurasının (müşahidə şurasının) üzvləri seçilə bilməz.
Cəmiyyətin icra orqanının səlahiyyətlərinə, müvafiq olaraq, Mülki Məcəllə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunları və nizamnamə ilə cəmiyyətin idarəetmə orqanlarının müstəsna səlahiyyətlərinə aid edilməmiş bütün məsələlər daxildir.
Cəmiyyətin kollegial icra orqanının üzvlərinin sayı və tərkibi, habelə fəaliyyətinin qaydaları, müvafiq olaraq, cəmiyyətin nizamnaməsi, “Banklar haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilir.
Cəmiyyətin icra orqanının üzvlərinin eyni zamanda digər təşkilatda vəzifə tutmasına, qanunvericiliyə zidd olmadıqda, cəmiyyətin ümumi yığıncağının və ya direktorlar şurasının (müşahidə şurasının) razılığı ilə yol verilir.
Cəmiyyətin icra orqanı üzvlərinin şəxsi marağı ilə cəmiyyətin maraqları arasında ziddiyyətlərə gətirib çıxara bilən, habelə Mülki Məcəllənin 49-1.6-cı maddəsində nəzərdə tutulmuş hallarda cəmiyyətin icra orqanının rəhbəri və ya digər üzvləri müvafiq məlumatı cəmiyyətin direktorlar şurasına (müşahidə şurasına), o olmadıqda, səhmdarların ümumi yığıncağına yazılı şəkildə təqdim etməlidirlər. Cəmiyyətin maraqlarına zidd olan əqdlərin bağlanılması, müvafiq olaraq, Mülki Məcəllə, “Banklar haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları ilə ayrı qayda nəzərdə tutulmamışdırsa, müvafiq idarəetmə orqanının qərarı əsasında həyata keçirilə bilər.
Cəmiyyətin icra orqanının və ya direktorlar şurasının (müşahidə şurasının) üzvü mülkiyyətində olan qiymətli kağızlarla əqdi bağlamaqdan əvvəl bu barədə məlumatı mediada açıqlamalıdır.
Cəmiyyətin səhmlərinin iyirmi faizinə malik olan səhmdar cəmiyyətinin icra orqanının üzvü seçilə bilməz.
Səhmdar cəmiyyətinin təftiş komissiyası (müfəttişi)
Səhmdarların sayı əllidən çox olan cəmiyyətlərdə maliyyə-təsərrüfat fəaliyyətinə nəzarətin həyata keçirilməsi üçün ümumi yığıncaqda təftiş komissiyası (müfəttiş) seçilir (təyin edilir). Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda səhmdarların sayı əllidən çox olmayan cəmiyyətlərdə də təftiş komissiyası (müfəttiş) seçilə (təyin edilə) bilər.
Cəmiyyətin təftiş komissiyasının (müfəttişin) formalaşdırılması qaydaları, onun tərkibi və fəaliyyətinin qaydası cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir.
Cəmiyyətin təftiş komissiyasının üzvlüyünə (müfəttiş kimi) fiziki şəxslər seçilir. Təftiş komissiyasının üzvü (müfəttiş) cəmiyyətin səhmdarı, direktorlar şurasının (müşahidə şurasının) və cəmiyyətin icra orqanlarının üzvü ola bilməz.
Cəmiyyətin təftiş komissiyasının üzvlərinin (müfəttişin) səlahiyyət müddəti nizamnamə ilə üç ildən artıq olmayan müddətə müəyyən edilir.
Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin təftişi cəmiyyətin təftiş komissiyasının (müfəttişin) təşəbbüsü ilə ümumi yığıncağın və ya direktorlar şurasının (müşahidə şurasının) qərarı ilə və ya cəmiyyətin səsli səhmlərinin on faizindən artıq hissəsinə malik olan səhmdarların və cəmiyyətin icra orqanın tələbi ilə həyata keçirilir.
Cəmiyyətin təftiş komissiyasının (müfəttişin) tələbi ilə cəmiyyətin bütün orqanları və vəzifəli şəxsləri cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti ilə əlaqədar olan sənədləri təqdim etməlidirlər.
Səhmdar cəmiyyətinin audit komitəsi
Səhmdarların sayı əllidən çox olan cəmiyyətlərdə, habelə ictimai əhəmiyyətli qurumlarda daxili audit siyasətinin və strategiyasının hazırlanması, həyata keçirilməsi və auditor nəzarətinin təşkili üçün direktorlar şurası (müşahidə şurası) tərəfindən audit komitəsi yaradılır. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda səhmdarların sayı əllidən çox olmayan cəmiyyətlərdə də audit komitəsi yaradılır.
Cəmiyyətin audit komitəsinin formalaşdırılması qaydaları, onun tərkibi və fəaliyyətinin qaydası qanunla və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir.
Cəmiyyətin icra orqanının üzvləri və (və ya) cəmiyyətin iştirakçıları audit komitəsinin üzvü ola bilməzlər. Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) üzvləri audit komitəsinin üzvü ola bilərlər.
Cəmiyyətin fəaliyyətinin daxili auditi cəmiyyətin audit komitəsinin təşəbbüsü ilə ümumi yığıncağın və ya direktorlar şurasının (müşahidə şurasının) qərarı ilə və ya cəmiyyətin səsli səhmlərinin on faizindən artıq hissəsinə malik olan səhmdarların və cəmiyyətin icra orqanının tələbi ilə həyata keçirilir.
Cəmiyyətin audit komitəsinin tələbi ilə cəmiyyətin bütün orqanları və vəzifəli şəxsləri cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti ilə əlaqədar olan sənədləri təqdim etməlidirlər.
Audit komitəsi cəmiyyətin direktorlar şurasına (müşahidə şurasına) tabedir.
Səhmdar cəmiyyətinin yenidən təşkili və ləğvi
Səhmdar cəmiyyəti səhmdarların ümumi yığıncağının qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər. Səhmdar cəmiyyətinin yenidən təşkilinin və ləğvinin başqa əsasları və qaydası, müvafiq olaraq, Mülki Məcəllə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir.
“Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında” və “Kredit büroları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, səhmdar cəmiyyəti məhdud məsuliyyətli cəmiyyətə çevrilə bilər.
